Dəyişdirilən konstitutsiyaya əsasən Ermənistan silahlı qüvvələrinin idarə edilməsi də dəyişikliyə məruz qalır. Beləliklə
baş nazir-təhlükəsizlik, şura-hökumət-müdafiə, nazir-baş qərargah rəisi şəklini alır.
Bəs düşmən ölkənin ali baş komandanı kim olacaq?
Ermənistan silahlı qüvvələrin bu idarəetmə sisteminin nə dərəcədə səmərəli olduğunu və yeni konstitutsiyaya uyğun olduğunu müəyyən etmək lazımdır.
Xatırladaq ki, 2015-ci ildə qəbul edilən Ermənistan konstitutsiyasına əsasən silahlı qüvvələr hökumətin idarəetməsinə tabedir. Müharibə zamanı silahlı qüvvələrin ali baş komandanı baş nazirdir.
Belə çıxır ki, müharibə elan olunanadək formal olaraq, Ermənistan silahlı qüvvələrinin ali baş komandanı olmayacaq.
Ermənistan ordusunda ən yüksək hərbçi olan şəxsi isə baş qəraragah rəisidir. Onu, baş nazirin təklifi ilə erməni prezidenti təyin etməlidir. Qeyri-müharibə şəraitində baş qərargah rəisi müdafiə nazirinə tabe olacaq.
Şərh etmək istəmirəm
Ermənistan müdafiə nazirliyinin keçmiş baş qəraragah rəisi (1992-1995), 1993-cü ildə müdafiə naziri vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryants bu məsələ ətrafında öz rəyini bildirməkdən imtina edib.
Erməni mətbuatına verdiyi müsahibədə tanınmış general, keçmişdə prezidentin ali baş komandan, ordunun beyninin isə baş qərargah olduğunu bildirib: "Biz bu cür sistem qurmuşduq. Hazırda isə prezident əvəzinə baş nazir olur. Artıq qərar qəbul olunduğu üçün bu məsələni şərh etmək istəmirəm".
Ciddi dəyişiklik edilməyib?
Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyanın keçmiş üzvü Tevan Poğosyanın fikrincə silahlı qüvvələrin idarəedilmə sxemində ciddi dəyişiklik olmayacaq.
"Gündəlik idarəetmə olduğu kimi davam edəcək. Ancaq müharibə vəziyyətində baş nazir ali baş komandan vəzifəsini qəbul edir. Milli təhlükəsizlik şurası isə bütün strateji layihələrin kollektiv prinsipi şəklində müzakirə olunacaq orqandır. Yəni hər bir orqanın öz funksiyası var.
Başa düşmək lazımdır ki, idarəetmə sistemində heç bir dəyişiklik edilmir. Keçmişdə milli təhlükəsizlik şurası daha geniş məsələlərin müzakirəsini təşkil edirdisə, indi yalnız müdafiə sahəsinə aid məsələləri müzakirə edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda Ermənistanda prezident hər gün ali baş komandan hesab olunursa, yeni konstitutsiyaya əsasən yalnız müharibə olduğu təqdirdə silahlı qüvvələrin ali baş komandanı baş nazir olacaq. Bu isə o deməkdir ki, formal olaraq Ermənistan silahlı qüvvələrinin ali baş komandanı olmayacaq.
Alpər Mövludoğlu
Ordu.az